Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 37-ci turu çərçivəsində baş tutmuş “Yeni Malatyaspor”la oyunun iştirakçısı olub.
“Boluspor” doğma meydanda baş tutmuş bu oyundan möhtəşəm qələbə ilə ayrılıb – 10:1. İsgəndərli bu oyunda 90 dəqiqə meydanda olub, qələbəyə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, komandasının 19-cu dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə ilə yadda qalan futbolçumuz 85-ci dəqiqədə də özü fərqlənərək hesabı 7:1 edib. İsgəndərli 90+9-cu dəqiqədə də sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
“Boluspor” 37 oyuna topladığı 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 16 qələbə qazanıb, 10 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 38 matça çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Coşqun Diniyev meydana çıxdı, “Çorum” qələbə qolunu vurdu
Digər azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası – “Çorum” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Şanlıurfaspor”la üz-üzə gəlib və 2:1 hesablı əzmkar qələbəyə sevinib. 41-ci dəqiqədə məğlub duruma düşmüş çorumlular 78-ci və 90+8-ci dəqiqələrdə vurduqları qollar sayəsində qalib gəliblər. Coşqun bu görüşün 83-cü dəqiqəsində meydana buraxılıb.
Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 11 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
“Çorum” hazırda 54 xalla Birinci Liqanın yarış cədvəlində 10-cu pillədə qərarlaşıb. Komanda keçirdiyi 37 oyunda 14 qələbə qazanıb, 12 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.