Vüsal İsgəndərli: “Rəqibi ciddiyə almamaqdan söhbət gedə bilməz”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli ötən gecə Monqolustan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Türkiyənin “Boluspor” klubunda çıxış edən futbolçu “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda baş tutan və 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Ağır oyun oldu. Çətin də olsa, qələbə qazana bildik. Buna görə sevinirəm. Matçdan öncə favorit göstərilsək də, hər rəqibə hörmətlə yanaşırıq. Monqolustan millisi ancaq müdafiədən oynayırdı. Buna görə qol vurmaq üçün işimiz çətinləşirdi. Sonda da olsa, rəqib müdafiəsini yara bildik. Təbii ki, qələbə qazandığımız üçün çox xoşbəxtik. Bizi dəstəkləmək üçün gələn azarkeşlərə də təşəkkürümü bildirirəm”.

29 yaşlı futbolçu meydana arxayın çıxmadıqlarını söyləyib: “Rəqibi ciddiyə almamaqdan söhbət gedə bilməz. Biz elə komandayıq ki, hər rəqibə qarşı ciddi yanaşmalıyıq. Məşqçilər korpusu da bizi oyuna yaxşı kökləmişdi. Epizodlarımız olurdu, sadəcə yararlana bilmirdik”.

Millimizin üzvü Bolqarıstana qarşı keçirəcəkləri növbəti matçdan da söz açıb: “Bolqarıstanla oyun daha çətin keçəcək. Onlar da ilk matçı qələbə ilə başa vurublar. Lakin biz azarkeşlərimiz önündə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yenə qələbə qazanaq və fanatları sevindirək”.

Vüsal İsgəndərli klub karyerasından razılığını ifadə edib: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bəziləri “Eqnatiya”da durumumun “Boluspor”la müqayisədə daha yaxşı olduğunu deyirlər. Vurduğum qolları nəzərə alıb belə düşünürlər. İnsanları anlayıram. Amma “Boluspor”da da hər şey ürəyimcədir. Özümü orada çox yaxşı hiss edirəm. Sadəcə, “Boluspor” tam fərqli sistemdə oynayır. Bir qədər zamana ehtiyac var. İnanıram ki, burada da qollarım, məhsuldar ötürmələrim olacaq. Ən əsas odur ki, Super Liqaya yüksəlmək uğrunda pley-off matçlarına vəsiqə qazanaq”.

Xatırladaq ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də Bolqarıstan yığması ilə də üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.