Vüsal İsgəndərli Sakaryada bir hissə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 29-cu turu çərçivəsində baş tutan “Sakaryaspor”la oyunun iştirakçısı olub.

“Boluspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 10-cu məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 12 qələbə qazanıb, 7 heç-heçə edib.

İsgəndərli bu oyunda fasilədən dərhal sonra, hesab artıq 0:2 olarkən meydana buraxılıb. Amma onun da səyləri komandasını məğlubuyyətdən xilas etməyə yetməyib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 10 matça çıxıb.

Ardıcıl ikinci məğlubiyyətini alan, son üç turda qələbəyə həsrət olan “Boluspor” 29 turdan sonra 43 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.