Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah vingeri Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir.

Arena.az xəbər verir ki, bunu Birinci Liqada çıxış edən “Boluspor”un azərbaycanlı futbolçusu qardaş ölkə mətbuatına açıqlamasında deyib.

28 yaşlı oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Super Liqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Super Liqada oynamaq istəyirəm”.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 9 matça çıxsa da, hələ fərqlənə bilməyib.

İsgəndərli daha öncə Türkiyədə “Ankara Keçiörengücü” klubunun da formasını geyinib. “Eqnatiya”da da legioner həyatı yaşamış futbolçu Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”), “Zirə”, “Sumqayıt” və “Simurq”da oynayıb.

Vüsal Azərbaycan milli komandasında da 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.