Premyer Liqada növbəti mövsümə hazırlaşan “Turan Tovuz” yarımmüdafiəçisi Xəyal Nəcəfov ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, son iki mövsümü bu komandanın heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik yeni müqavilə bağlanılıb.
Xəyal Nəcəfov 2022-ci ilin iyul ayından “Turan Tovuz”da çıxış edir. 26 yaşlı futbolçu Tovuz klubunun heyətində 67 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.
Nəcəfov daha öncə “Sumqayıt” və “Neftçi”nin də uğurları üçün çalışıb. O, Azərbaycan milli komandasında da 2 oyun keçirib.
“Turan Tovuz” daha öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç və Eltun Turabovla da yeni müqavilə bağlamışdı.
Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”), Aydın Bayramov (“Zirə”) və Belaydi Pusi (“Şamaxı”) isə Tovuz klubunu tərk edib. Gedənlərin əvəzində Tovuz klubu Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya) və Sergey Samoku (“KamAZ”, Rusiya) transfer edib. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.