“Xəzri”dən Azərbaycan Kubokunda ardıcıl 2-ci qələbə

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün “A” qrupu çərçivəsində iki oyun baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən günün ilk oyununda “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Favorit “Neftçi” rəqibi üzərində 87:76 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Alfonso Stüart olub – 21 xal, 8 ribaund. “Sumqayıt”da isə Roderik Smit fərqlənib – 21 xal, 9 ribaund.

Günün ikinci oyununda çempionatın lideri “Xəzri” “Cəlilabad”la qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86:69 hesablı qələbə qazanıb. Bu, kubokda “Xəzri”nin ardıcıl ikinci qələbəsi olub. Qalib komandanın ən məhsuldar basketbolçusu Cordan Perkins olub – 20 xal, 9 ribaund. “Cəlilabad”da isə Zaur Paşayev daha məhsuldar olub – 21 xal, 6 asist.