Almaniyada ötən mövsümün yekunları üzrə ilin məşqçisi adına “Bayer”in ispan çalışdırıcısı Xabi Alonso layiq görülüb.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, ispan mütəxəssisin bu münasibətlə səsləndirdiyi fikri təqdim edir:
“Bu məşqçi rolu mənim üçün o qədər yenidir ki, ilin məşqçisi kimi mükafatlara görə özümü əzgin hiss edirəm. İllərdir öz işini görən digər həmkarlarıma böyük hörmətim var. Amma əlbəttə, mənə bu adı təkcə mənim işim deyil, həm də komandanın və bütövlükdə bütün kollektivin nəticələri qazandırıb. Deməli, mükafat bütün komandaya məxsusdur. Məşqçi kimi mən sadəcə onların nümayəndəsiyəm”, deyə Alonso nəcibliklə vurğulayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Xabi Alonsonun çalışdırdığı “Bayer” ən yaxın izləyicisi “Ştutqart”ı 17 xal qabaqlayaraq erkən surətdə Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub.
“Bayer” Bundesliqada ötən bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atmışdılar.
Həmçinin Xabi Alonsonun “Bayer”i cari mövsümdə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.