Xabi Alonso “Bayer”in məğlubiyyətsizlik silsiləsindən danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın bütün yarışlarda ardıcıl 50 məğlubiyyətsiz oyun silsiləsini şərh edib.

Arena.az Bundesliqanın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Leverkuzendə kubokun təqdimatı çox xüsusi hadisə olacaq. Futbolçular bütün mövsüm böyük diqqətlə oynadılar və mən onlarla fəxr edirəm”, deyə Alonso bildirib.

Xatırladaq ki, Xabi Alonsonun yetirmələri Bundesliqanın 33-cü turunda “Bohum” üzərində 5:0 hesablı səfər qələbəsi ilə cari mövsümdə ardıcıl məğlubiyyətsizlik silsiləsini 50 oyuna çatdırıblar ki, bu da mütləq Avropa rekordudur.

Hazırda 87 xalla Bundesliqanın yarış cədvəlinə başçılıq edən “Bayer”, daha əvvəl çempinluğunu erkən surətdə təmin edib və bu, klub tarixində ilk Bundesliqa zəfəridir.

“Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. “Əczaçılar” bu yarışda da finala yüksəliblər və çempionluğa iddialıdırlar.

Xatırladaq ki, Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Alonso “Bayer”i indiyə qədər 87 oyuna çıxarıb. Leverkuzen təmsilçisi bu oyunlarda 58 qələbə qazanıb, 19 heç-heçə edib və cəmi 10 məğlubiyyətə üzülüb. Komanda bu görüşlərdə rəqib qapılarından 210 top keçiribsə, özü 87 qola üzülüb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.