Xabi Alonso “Bayern”lə səfər heç-heçəsini şərh etdi

“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 5-ci turunda “Bayern”lə səfər heç-heçəsini (1:1) şərh edib.

Arena.az “Bayer”in mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Komandamdan daha çox güc-qüvvə görmək istəyirdim, bu baxımdan isə mən çox məmnunam. Döyüşməyə hazır idik, bunu da icra etdik. Bizə futbolçulardan intizam və şövq gərəkdir. Asan olmadı, topa nəzarəti ələ almağa müvəffəq olmurduq. Müdafiə olunmaq çox çətin idi, ona görə də qazanılmış bu bir xal bizim üçün çox vacibdir.

“Bayern”in güc-qüvvəsi və özünə inamı ötən mövsümdən fərqlidir, onlar həm topla, həm də topsuz bacardıqlarını ortaya qoydular. Bizim üçün çox çətin idi. Biz bu bir xaldan razı qala bilərik”, deyə Xabi Alonso vurğulayıb.

Əlavə edək ki, Xabi Alonsonun rəhbərliyi altında “əczaçılar” “Bayern”ə məğlub olmayıblar. 2 oyun heç-heçə başa çatıb, 2 oyunda isə “Bayer” qalib gəlib.

Heç-heçəyə rəğmən, “Bayern” Bundesliqanın yarış cədvəlində 5 turdan sonra 13 xalla 1-ci pillədə yerini qoruyub. “Bayer” isə 10 xalla 3-cü pilləyə düşüb. “Əczaçılar”ın xal itkisindən yararlanmış “Leypsiq” 11 xalla 2-ci pilləyə yüksəlib.