“Bayer”inin baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso klubdakı işlərini şərh edib, gələcək planlarından və “Liverpul”dan söhbət açıb.
Arena.az “Liverpool Echo” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Hazırda mən burada, “Bayer”də çox xoşbəxtəm. Klubdakı işim mənə xoşdur və bunun mənə çağırış etdiyini hiss edirəm. Hazırda biz Leverkuzendə gərgin, amma gözəl səyahətdəyik və mən oyunçularımı növbəti oyuna hazırlamaq üçün əlimdən gələni etməyə çalışıram.
Düzünü desəm, hazırda növbəti addım haqqında düşünəcək vəziyyətdə deyiləm. İndi harada olduğumu düşünürəm. Düşünürəm ki, əla yerdəyəm və bundan zövq alıram”, deyə Alonso məmnunluğunu ifadə edib.
İspan mütəxəssis “Liverpul”un baş məşqçisi vəzifəsində alman mütəxəssis Yurgen Klopu əvəzləməsinin mümkünlüyü haqda mətbutda müzakirə edilən mövzuya dair də açıqlama verib.
Xatırladaq ki, bir müddət əvvəl Yurgen Klopp cari mövsümün bitməsilə “Liverpul”dan ayrılacağını açıqlayıb.
“Mənim Yurgenə böyük hörmətim var və onun son doqquz ildə “Liverpul”da gördüyü işlərə və bunu etdiyi üsula heyranam. Onun azarkeşlərlə rabitəsi var, əla iş görüb, amma mən diqqətimi burada, Leverkuzen “Bayer”ində cəmləmişəm.
Əgər nə vaxtsa “Liverpul”un çalışdırıcısı olmaq imkanından istifadə etmək qərarına gəlsəm, mənim əlaqəm, bağlılığım, “Liverpul”a olan həvəsim orada olacaq. Niyə də yox? Baxaq, yollarımız kəsişəcəkmi…”, deyə ispan məşqçi vurğulayıb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 26 turundan 70 xalla yarış cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır və yarışın qalibi adına əsas namizədlərdən biridir.