Xabi Alonso: “İndi biz daha çoxunu istəyirik!”

Leverkuzen “Bayer”inə Almaniya Bundesliqasının çempionluğunu qazandırmış Xabi Alonso bu qalibiyyətindən doğan duyğularını paylaşıb.

Arena.az xatırladır ki, Bundesliqanın 29-cu turunda Leverkuzendə “Verder”i 5:0 hesabı ilə məğlub etmiş Xabi Alonsonun əczaçıları tarixində ilk dəfə Almaniya çempionu olublar.

“Bu, klub üçün xüsusi bir məqamdır. 120 ildə ilk dəfə Bundesliqanı qazanmaq xüsusi bir məqamdır. Oyunçular yüksək səviyyədədirlər, bu, ən yaxşı komandadır. Mən hər kəslə fəxr edirəm, burada işləmək isə şərəfdir.

Mövsüm boyu inanılmaz dəstəyə görə hər kəsə təşəkkür edirəm. İndi biz daha çoxunu istəyirik!” – “Bayer”in mətbuat xidməti Alonsodan sitat gətirir.

Özünü “X” sosial şəbəkə hesabı üzərindən isə ispan mütəxəssis belə bir paylaşma edib:

“2023/2024 mövsümünün Almaniya çempionu. Xoş hisslər”, – Xabi dərc edib.

Beləliklə “Bayer” cari Bundesliqa mövsümünün sonuna 5 tur qalmış çempionluğunu təmin edib. Xabi Alonsonun yetirmələri 79 xalla yarış cədvəlinin liderləridir. “Əczaçılar” ən yaxın təqibçisi, Almaniya nəhəngi “Bayern”i (63 xal) 16 xal qabaqlayırlar.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

“Bayer” həmçinin Avropa Liqasında da mübarizə aparır. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış Almaniya klubu 1/4 finalda “Vest Hem”lə (İngiltərə) ilk oyun çərçivəsində evdə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. “Əczaçılar” bu yarışda da çempionluğa iddialıdırlar.