Xabi Alonso “Volfsburq” üzərində qələbəyə rəğmən, narazı qalıb

“Bayer”in baş məşqçisi Xabi Alonso “əczaçılar”ın Almaniya Bundesliqasında “Volfsburq”la 4-cü tur oyununu (4:3) şərh edib.

Arena.az Bundesliqanın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən bir tərəfdən, qələbəyə şadam. Digər tərəfdən, xüsusilə birinci hissədəki oyunumuzdan isə narazıyam. İkinci hissədə daha yaxşı oynadıq.

Ümumiyyətlə, ən yaxşı futbolumuzu sərgiləmədik. Oyunu təhlil etməli və əlavə etməliyik ki, qarşıda iki əsas oyun var”, deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, sentyabrın 28-də “Bayer” Bundesliqanın 5-ci turu çərçivəsində Münhendə “Bayern”ə qarşı turun mərkəzi oyununa çıxacaq. Oktyabrın 1-də isə “əczaçılar” Leverkuzendə Çempionlar Liqası oyunu çərçivəsində “Milan”ı qəbul edəcəklər.

4 turdan sonra “Bayer” Bundesliqasının yarış cədvəlində 9 xalla 2-ci pillədə qərarlaşıb və 12 xal toplamış mütləq lider “Bayern”i təqdib edir.

Vurğulayaq ki, “Bayer” Almaniya Bundesliqasının cari çempionudur.