Futbol üzrə Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriges milli komandada keçirdiyi oyunların sayına görə ölkə rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın 1/8 finalında İsveçrə ilə keçirilən və əsas, həmçinin əlavə vaxtı qolsuz bərabərliklə başa çatan (penaltilər seriyasında 3:4) qarşılaşmada Kolumbiya yığmasının heyətində 131-ci matçına çıxıb.
Bununla da o, bu göstəricidə komandanın sabiq qapıçısı David Ospinanın rekorduna şərik olub. Ospina dünya çempionatı üçün heyətə daxil edilsə də, turnirdə meydana çıxmayıb.
2026-cı ilin fevralında ABŞ-nin “Minnesota” klubuna keçən Rodrigesin müqaviləsinin müddəti iyulun 1-də başa çatıb. Təcrübəli futbolçu karyerası ərzində Kolumbiya, Argentina, Portuqaliya, Fransa, İspaniya, Almaniya, İngiltərə, Qətər, Yunanıstan, Braziliya və Meksika çempionatlarında çıxış edib.
“Real”ın heyətində iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, klublararası dünya çempionatının və İspaniya çempionatının qalibi olan Rodriges, həmçinin bir dəfə İspaniya Super Kubokunu qazanıb. “Bayern”lə iki dəfə Almaniya çempionu olan yarımmüdafiəçi ölkə kubokunu da başı üzərinə qaldırıb. “Portu”nun formasında isə üç dəfə Portuqaliya çempionluğu, bir dəfə UEFA Avropa Liqası, Portuqaliya Kuboku və Super Kuboku sevinci yaşayıb.
Xames Rodriges Kolumbiya millisinin heyətində keçirdiyi 131 oyunda 31 qol vurub və 43 məhsuldar ötürmə edib. O, yığmanın bombardirlər siyahısında 36 qolla lider olan Radamel Falkaodan sonra ikinci pillədə qərarlaşıb. Rodriges 2014-cü il dünya çempionatının 6 qolla ən məhsuldar futbolçusu olub. O, həmçinin Amerika Kubokunun gümüş (2024) və bürünc (2016) mükafatçısıdır.


