Xames Rodriqes Amerika Kubokunun ən yaxşı futbolçusu seçildi

Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqes 2024-cü il Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş bu turnir ərzində meydana çıxdığı 6 matçda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, Amerika Kubokunun finalında Kolumbiya millisi Argentina yığmasına 0:1 hesabıyla məğlub olub. Xames Rodriqes meydana start heyətində daxil olub və əlavə vaxtın əvvəlində əvəzlənib.

Hazırda “San Paulo”da forma geyinən Xames Rodriqesin Braziliya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Kolumbiyalı futbolçu “San Paulo”da indiyə qədər 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

32 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/2021 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. Xames 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq Yunanıstan “Olimpiakos”una keçmişdi. Amma 2023-cü ilin aprelində tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər.

Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 106 oyuna çıxıb. O, bu oyunlarda 28 qola imza atıb, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: