2024-cü il Amerika Kubokunun Panama yığması ilə 1/4 final oyunu Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqes üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Kolumbiya yığmasının 5:0 hesabı ilə qalib gəldiyi oyunda Rodriqes 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Beləliklə, Kolumbiya yığmasının lideri Amerika Kubokunun cari mövsümdə 5 məhsuldar ötürmə verib ki, bununla da mütləq rekordu təkrarlamış olub. Rodriqesə qədər Amerika Kubokunda yalnız 3 futbolçu 5 məhsuldar ötürməyə nail ola bilib: Denilson (Braziliya, AK-1997), Aleks (Braziliya, AK-2004) və Lionel Messi (Argentina, AK-2021).
Göründüyü kimi, Rodriqes öz nəticəsini daha da yaxşılaşdıra və mütləq rekorda nail ola bilər.
Xatırladaq ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya yığması Uruqvay yığması ilə, Argentina komandası isə Kanada kollektivi ilə qarşılaşacaq.
Amerika Kubokunun finalı iyulun 14-də baş tutacaq.
Hazırda “San Paulo”da forma geyinən Xames Rodriqesin Braziliya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Kolumbiyalı futbolçu “San Paulo”da indiyə qədər 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
32 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/2021 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. Xames 2022-ci ilin sentyabr ayında Qətərin “Əl Rayyan” klubundan azad agent kimi ayrılaraq Yunanıstan “Olimpiakos”una keçmişdi. Amma 2023-cü ilin aprelində tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam vermişdilər.
Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 104 oyuna çıxıb. O, bu oyunlarda 28 qola imza atıb, 32 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.



