Vaxtilə Madrid “Real”ında çıxış etmiş Xames Rodriqes “qaymaqlılar”ın italyan baş məşqçisi Karlo Ançelotti haqda fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, hazırda “Rayo Valyekano”nun formasını geyinən kolumbiyalı hücumameyilli yarımmüdafiəçi bunları vurğulayıb:
“O, mənə həmişə çox kömək edən bir insan olub. Mən onunla “Bayern”də, “Everton”da olmuşam. Düşünürəm ki, Xose Pekermanla (Kolumbiya yığmasında Ceymsin baş məşqçisi) onlar mənim üçün futbolda ata kimi olublar”, deyə Rodriges duyğusalcasına bildirib.
Kolumbiya yığmasının üzvü formasını geyindiyi bu komandanın cari səviyyəsindən də söhbət açıb:
“Hazırda biz dünyanın ən yaxşı üç milli komandasından biriyik və bütün böyük komandaları məğlub etmişik: Almaniya, Braziliya, Argentina, Uruqvay, İspaniya…”, deyə Rodriges məmnunluqla bildirib.
Xatırladaq ki, Xames Rodriqes bu ilin avqustundan “Rayo Valyekano”da forma geyinir. 33 yaşlı futbolçunun bu klubla 2025-ci ilin 30 iyununadək müqaviləsi var. Bu ilin yayında Braziliya “San Paulo”su ilə müqaviləsini birtərəfli qaydada ləğv etmiş futbolçu “Rayo Valyekano”ya azad agent kimi keçib. Təcrübəli oyunçu La Liqa təmsilçisinin heyətində cəmi 7 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
Yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild”, Portuqaliyanın “Portu”, Fransanın “Monako”, İspaniyanın “Real”, Almaniyanın “Bayern”, İngiltərənin “Everton”, Qətərin “Əl Rayyan”, Yunanıstanın “Olimpiakos” klublarında da forma geyinib.
Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 112 oyuna çıxıb. O, bu oyunlarda 29 qola imza atıb, 35 məhsuldar ötürmə verib.



