Futbol üzrə Kolumbiya yığma komandasının yarımmüdafiəçisi Xames Rodriqes Qətərin “Əl Rayyan” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı vinger bundan sonra Yunanıstanın “Olimpiakos” komandasının uğurları üçün çalışacaq.
Bu barədə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Pirey klubunun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. O, Qətər klubundan azad agent kimi ayrıldığı üçün, “Olimpiakos”u artıq xərcə salmayıb. Təcrübəli futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Xames Rodriqes peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild” klubuna transfer edilib. 2010-cu ildə Avropaya üz tutan yarımmüdafiəçi, əvvəlcə “Portu”da, daha sonra “Monako”da forma geyinib. 2014-cü ildə isə onu Madrid “Real”ı öz heyətinə qatıb. İspaniya nəhəngində oynadığı dönəmdə 2 il Almaniyanın “Bayern” klubuna icarəyə də verilmiş Xames, 2020/21 mövsümünü də “Everton”da keçirib. “Əl Rayyan” onu məhz İngiltərə klubundan 8 milyon avro qarşılığında transfer etmişdi. Kolumbiyalı futbolçu Qətər klubunda cəmi 15 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kolumbiya yğmasında 86 oyuna çıxıb və 24 qola imza atıb.
Xatırladaq ki, “Olimpiakos” bir neçə gün öncə Madrid “Real”ının digər sabiq “ulduz”u, azad agent statusunda olan Marselonu da heyətinə qatmışdı. Braziliyalı futbolçunun adı Avropa Liqası üçün iştirak ərizəsinə daxil edilsə də, Xamesin “Qarabağ”a qarşı oynaması mümkün deyil. Çünki o, Avroliqa üçün sifariş olunmayıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.