Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında (U-23) Avropa çempionatına start verilib. Arena.az xəbər verir ki, 2023-cü ilin ilk qitə birinciliyində Azərbaycan da hər 3 güləş növündə təmsil olunur.
İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar. Azərbaycan idmançılarından Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) də güclü olan Həsənli finala yüksəlib. Xasay sabah həlledici görüşdə moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Rahim Həsənov 1/4 finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) isə ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Məhəmməd Əhmədiyev (87 kq) də təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə 4:5 hesabıyla uduzub. Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olub. Sərxanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.
Avropa çempionatına martın 19-da yekun vurulacaq.


