“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 29-cu turunda Madrid “Atletiko”su üzərində 3:0 hesablı səfər qələbəsini şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin oyun barədə fikirlərini təqdim edir:
“Bəlkə də “Barselona”nın ən mükəmməl oyunu idi. Bu oyun “Napoli” ilə oyuna bənzəyirdi. Oyunu yaxşı başa düşürdük, Levandovski çox fəal idi, Fermin, Joao… Sərbəst bölgələrə yaxşı hücum etdik. Bu, üslubumuz və oyun fəlsəfəmiz baxımından mükəmməl uyğunluqdur.
Biz “Barselona”yıq, burada heç kim rahatlamır. Futbolçulara həmişəkindən daha çox təzyiq göstərəcəyəm. Xüsusilə gedişimi nəzərə alaraq. Çalışacağıq ki, təkmilləşək və ən vacib iki qənimət uğrunda mübarizə aparaq. Biz oyunçuları sövq etməli və onlardan daha çoxunu tələb etməliyik”, deyə Xavi vurğulayıb.
Vurğulayaq ki, qələbə sayəsində “Barselona” “Atletiko”nun doğma meydanda 25 oyundan ibarət ardıcıl məğlubiyyəsizlik silsiləsinə xitam verib.
İndi “Barselona” La Liqanın yarış cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb. “Atletiko” isə 55 xalla 5-ci pillədədir. La Liqaya 72 xalla “Real” başçılıq edir.