Xavi “el klasiko”da hakim səhvlərinin çoxluğundan şikayətləndi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 32-ci turunun “Real”la “el klasiko” oyunuda çoxsaylı hakim səhvlərindən şikayətlənib.

Arena.az məlumat verir ki, ispan mütəxəssis bu barədə oyundan sonra mətbuat nümayəndələri ilə görüşdə danışıb:

“Bir çox mübahisəli hakim qərarları vardı. Hakimlikdən danışa bilməsəm, əla olardı. Bunun baş verməməsi təəssüf doğurur. Biz üç xala layiq idik, səmimi deyirəm: qalib gəlməli idik”, deyə ispan mütəxəssis inamla bildirib.

Xavi həmçinin İspaniya La Liqasında qolu avtomatik müəyyənləşdirmə sisteminin olmamasını biabırçılıq adlandırıb.

Xatırladaq ki, ispan mütəxəssisə qədər bunu “blauqrana”nın alman qapıçısı Mark-Andre ter Ştegen biabırçılıq adlandırmışdı:

“Ter Ştegen dedi ki, avtomatik qol aşkarlamanın olmaması biabırçılıqır? Nə deməyimi istəyirsiniz? Bəli, biabırçılıqdır”, deyə baş məşqçi vurğulayıb.

Xatırladaq ki, Madrid səfərində “Barselona” iki dəfə “Real”ı hesabda üstələsə də, “kral klubu” əzmkar oyunu ilə 3:2 hesablı qələbəni oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+1) qoparıb – 3:2.

Vurğulayaq ki, “el klasiko” qalmaqalsız ötüşməyib. Oyunun 28-ci dəqiqəsində “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal künc zərbəsindən yararlanaraq topa uğurla ayaq qoyub. Top qapı xəttini qismən keçib, amma “Real”ın ukraynalı qapıçısı Andrey Lunin topu xətdən qaytarıb. Baş hakim Sesar Soto Qrado qol olmadığına işarə vursa da, bir neçə dəqiqə video köməkçi ilə məsləhətləşib və nəhayət, öz qərarını təsdiqləyib. Hakimin bu qərarı böyük mübahisə predmetinə çevrilib və hazırda İspaniya mətbuatında çeynənir.

Hazırda, “Real” 32 turdan sonra 81 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.