Xavi Ernandes “Barselona”dan ayrılmaq qərarını dəyişə bilərmi?

“Barselona”nın baş məşqçisi Xavi Ernandes cari mövsümün sonunda komandadan ayrılmaq qərarının dəyişə biləcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az Xavinin bu barədə cavabını təqdim edir:

“Mövsümün sonunda klubdan ayrılmaq qərarımda qətiyəm. Dəyişiklik yoxdur, gedəcəyəm”, deyə ispaniyalı mütəxəssis qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabr ayından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Xavi 2023/2024 mövsümünün başa çatması ilə “Barselona”dan ayrılmağa qərar verib. Klub və ispan mütəxəssis bu qərarı bu ilin yanvar ayında rəsmən açıqlayıblar.

“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, sözügedən komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

2022/2023 mövsümündə Xavi Ernandes “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

“Barselona” Xavinin rəhbərliyi altında indiyə qədər 129 oyuna çıxıb. Bu görüşlərdə 80 qələəb qazanmış Kataloniya təmsilçisi 23 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.

“Barselona” bu mövsüm İspaniya La Liqasında 27 oyuna topladığı 58 xalla 3-cü pillədə qərarlaşıb. Xavinin komandası 66 xala malik lider “Real”dan və 59 xalla ikinci pillədə qərarlaşmış “Jirona”dan geri qalır.

“Barselona” UEFA Çempionlar Liqasında da mübarizəsini davam etdirir. İspaniya çempionu qitənin ən nüfuzlu klub turnirinin 1/8 finalında qarşılaşdığı İtaliya “Napoli”si ilə səfərdə sülh bağlayıb -1:1.