“Barselona”nın keçmiş baş məşqçisi Xavi, gedişindən əvvəl polyak hücumçu Robert Levandovski ilə yaxşı münasibətdə olmayıb.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ispan mütəxəssisin Robertlə münasibətləri Xavinin “Barselona”dakı işinin son dönəmində korlanıb. Bu zaman kəsiyində tərəflər arasında birgə əməkdaşlıq anlaşılmazlıqla müşayiət edilib. Məsələ burasındadı ki, Xavi yay transfer pəncərəsində Levandovskini satış piştaxtasına çıxarıb satmağa hazırlaşırdı. Öz növbəsində Levandovski özünə münasibətdə ispan mütəxəssisin müvafiq niyyətini bəyənməyib.
Xatırladaq ki, ötən mövsümün bitməsi ilə Xavi “Barselona”dan istefaya göndərilib. “Blauqrana”nın sükanı arxasında ispan mütəxəssisi alman çalışdırıcı Hansi Flik əvəzləyib.
Robert Levandovski isə bir vaxtlar “Bayern”də uğurla çalışdığı alman mütəxəssisin rəhbərliyi altında “blauqrana”nın “vuran ayağı” vəzifəsini məharətlə icra etməkdə davam edir.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 8 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 103 oyun, 66 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 154 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.