Xavi Lamin Yamalın əsas çatışmazlığını açıqladı

“Barselona”nın baş məşqçisi Xavi “blauqrana”nın 16 yaşlı vingeri Lamin Yamalın oyunun hansı baxışlarında inkişaf etməli olduğunu açıqlayıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Lamin Yamal – seçilmişlərdəndir. O, hələ taktiki cəhətdən mükəmməl deyil, amma bu, adi haldır, çünki onun cəmi 16 yaşı var. O, bir il ərzində inanılmaz tərəqqi əldə edib”, deyə Xavi vurğulayıb.

Lamin Yamal “Barselona” klubunun öz yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.