“Barselona”nın baş məşqçisi Xavi 2021-ci ilin martından kluba rəhbərlik edən prezident Joan Laportanın işi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Klubun daxilində olduğum üçün vəziyyəti son dərəcə müsbət qiymətləndirirəm. Düşünürəm ki, prezident onun üçün çox çətin iqtisadi, idman və institusional dövrdə klubu təhvil aldı. Düşünürəm ki, Laporta yaxşı iş görür. O, böyük bir məqama nail olmağın yarısındadır.
Məncə, Laporta “Barselona” tarixinin ən yaxşı prezidentidir və bunu bir daha sübut etməlidir. O, təcrübəli, nikbin və liderlik keyfiyyətlərinə malikdir. Əgər “Barsa”nı indiki vəziyyətdən çıxara biləcək kimsə varsa, o, Laportadır”, deyə Xavi əminliklə bildirib.
Xatırladaq ki, Joan Laporta 2003-2010-cu illərdə də “Barselona”ya rəhbərlik edib, Kataloniya nəhənginin prezidenti vəzifəsini icra edib.