Xavi: “Messi bu işdə köməyimiz olacaq”

Barselona”nın baş məşqçisi Xavi, Lionel Messinin komandaya qayıdacağı halda, onun xidmətlərindən necə faydalanacağı haqda danışıb.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı hazırda PSJ-nin uğurları üçün çalışan argentinalı ulduz hücumçu barədə düşüncələrini “Mundo Deportivo” ilə bölüşüb:

“Mən Messini “Barselona”da hansı rolda görürəm? O, bir çox mövqelərdə oynamağa uyğunlaşa bilir. Ömrü boyu oynadığı cinah yarımmüdafiəçisi, “saxta doqquzluq” kimi də oynaya bilir. Ən nəhayət, oyununu yaxşılaşdırmaq məqsədilə ona ən uyğun mövqe tapmaq lazımdır. Amma bilirəm ki, o, bizə kömək edə bilər. Düşünürəm ki, son üçlükdə istedadımız çatışmır və Leo həmişə bu işdə köməyimiz olacaq”.

“Barselona” PSJ ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək Messini transfer etməyə iddialıdır. Xavi bu barədə də fikirlərini paylaşıb:

“Messi öz gələcəyi ilə bağlı qərarı gələn həftə qəbul edəcək. Sizə onu rahat buraxmaq gərəkdir. Əvvəl-axır, biz Messi haqda hər gün danışsaq, düşünmürəm ki bu, onun mümkün qayıdışına müsbət tərəfdən təsir göstərsin. O, öz gləcəyi ilə bağlı gələn həftə qərar verəcək. İndi isə 200 fərziyyə var. O, öz gələcəyi ilə bağlı qərar verəcək, burada isə qapılar onun üçün açıqdır. Başqa söhbət yoxdur”.

Xatırladaq ki, ulduz hücumçu uğrunda Səudiyyə Ərəbistanından “Əl-Hilal”, ABŞ MLS-dən “İnter Mayami” mübarizəyə girişiblər. PSJ isə ciddi cəhdlə hücumçusunu heyətində saxlamağa çalışır.