Xavi mümkün istefası haqda şayiələri cavabladı

“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda qovulması ilə bağlı yayılan söz-söhbətlər barədə nə düşündüyü haqda sualı cavablayıb.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Klub mənə rahatlıq verir. Həvəslə işləməyə davam etmək gərəkdir. Ətrafımda səs-küy görürəm, amma bu, heç nəyi dəyişmir.

Mənim işdən qovulmağımı istəyən, kluba yaxın adamlar varmı? Mən bilmirəm və maraqlanmıram. Prezidentə, vitse-prezidentə və Dekuya olan inamım sarsılmazdır.

Biz Laporta ilə danışacağıq, amma hər şey üç həftə əvvəl əməkdaşlığın davam etdirildiyini elan etdiyimiz kimi qalır. Biz daim əlaqə saxlayırıq, ona görə də hər hansı dəyişiklik olarsa, bu barədə sizə məlumat verəcəyik”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Barselona”nın prezidenti Joan Laportanın Xavini istefaya göndərmək seçimini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.

Bildirilirdi ki, Laportanı, Xavinin “blauqrana”nın heyətini yaxşılaşdırmaq zərurəti və klubun çətin iqtisadi vəziyyəti ilə əlaqədar bunun həyata keçirilməsinin çətinliyi haqda sözləri hiddətləndirib.