Xavi ona ən çox təsir göstərmiş üç məşqçinin adını çəkdi

İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi ona bir çalışdırıcı olaraq ən çox təsir göstərmiş üç mütəxəssisin adını açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Luis Araqones, Xosep Qvardiola və Luis Enrike mənə ən çox təsir göstərmiş üç məşqçidir. İndi bir məşqçi kimi mütəmadi onlar haqqında düşünürəm. Mən bu və ya digər vaxt nə etməli olduğumu düşünəndə bu üçlüyü xatırlayıram”, deyə Kataloniya təmsilçisinin çalışdırıcısı vurğulayıb.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, bu kluba Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 134 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. O, futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 31 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 78 xala malik Madrid “Real”ı başçılıq edir.