“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşacağı püşkatmanın nəticəsinə münasibətini bildirib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“PSJ favoritdirmi? Bəlkə də bəli, amma təvazökarlıq mənə xoş deyil. Ola bilsin ki, onlar həqiqətən də favorit rolunu oynasınlar, xüsusən də onların və bizim yatırdığımız sərmayələri nəzərə alsaq. Bununla belə, biz nikbinik. Unutmayın ki, bizim tərəfimizdə daha çox Çempionlar Liqası qənimətləri ilə tariximiz var. Gücümüzü sübut etmək üçün doğru məqamdır.
PSJ çox çətin rəqibdir, qarşılaşa biləcəyimiz ən çətin rəqiblərdən biridir. Mən Luis Enrikeni, onun heyətini və onların necə işlədiyini bilirəm. Amma mən öz imkanlarımıza inanıram”, deyə Xavi bildirib.
Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 10-da Parisdə, cavab oyunu isə aprelin 16-da Barselonada baş tutacaq.