“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda Kataloniya klubundan ayrılmaq fikrindən daşınmayacağını bir daha vurğulayıb.
Arena.az məlumat verir ki, ispan mütəxəssis düzgün qərar verdiyinə əmindir ki, bu da hamının xeyrinədir:
“Mövsümün sonunda klubdan ayrılmaq qərarım dəyişməyəcək. Qəbul etdiyim qərar doğru qərardır, kluba, futbolçulara, hətta mətbuata, mənə və yaxınlarıma sülh gətirdi… Fikrimi isə dəyişmirəm”, deyə Kataloniya təmsilçisinin çalışdırıcısı qeyd edib.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və kluba Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 134 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 30 turundan sonra 67 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya 75 xalla “Real” başçılıq edir.