Xavi Qalan “Atletiko”da, Manu Sançes “Selta”da – Rəsmi

“Selta”nın sol cinah müdafiəçisi Xavi Qalan İspaniya La Liqasının digər təmsilçisi Madrid “Atletiko”suna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı ispan yeni klubu ilə 3 illik (2026-cı ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. “Atletiko” bu transfer üçün “Selta”ya 5 milyon avro ödəyib.

Xavi Qalan “Selta”ya 2021-ci ilin iyul ayında “Hueska”dan 4 milyon avroya transfer olunmuşdu. O, bu komandada 79 oyun keçirib, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Qalan daha öncə “Kordoba” və “Hueska”da forma geyinib.

“Atletiko” bu transferin tərkib hissəsi kimi öz sol cinah müdafiəçisi Manu Sançesi də “Selta”ya verib. Yeni klubuna pulsuz keçən 22 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Manu Sançes peşəkar karyerasına məhz “Atletiko”da başlayıb. O, paytaxt klubunun əsas komandasında cəmi 7 oyuna çıxıb, 1 assistlə yadda qalıb. İspan futbolçu son iki mövsümü “Osasuna”da icarədə keçirib və bu komandada 88 oyuna 1 qol, 11 assist müəllifi olub. Manu İspaniyanın U-21 yığmasında da oynayıb.

“Selta” uruqvaylı hücumçusu Qabriel Fernandesi də Meksikanın “UNAM Pumas” klubuna satıb. La Liqa təmsilçisi bu transferdən 3,2 milyon avro qazanıb. İspaniya klubu 29 yaşlı forvardı 2019-cu ilin yanvarında “Penyarol”dan 3,5 milyon avroya transfer etmişdi. O, bu komandada 22 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Son mövsümlərdə “Saraqosa” və “Xuares”də icarədə keçirən uruqvaylı hücumçu daha öncə “Penyarol”, “Rasinq”, “Serro Larqo” və “Defensor Sportinq”də də forma geyinib.