Xavi “Qranada” ilə oyundan sonra bu tədbirə əl atdı

La Liqanın 24-cü turunda evdə autsayder “Qranada” ilə oyundan (3:3) sonra “Barselona”nın baş məşqçisi Xavi ciddi tədbirə əl atıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis komanda heyəti ilə bir saatlıq söhbət aparıb.

“Qranada” ilə oyundan bir gün sonra Xavi “blauqrana”nın futbolçuları ilə bərpa məşqi keçirib, ardınca isə bir saat ərzində futbolçular və məşqçilər qərargahı ilə ciddi söhbət aparıb.

İspan mütəxəssis nə idman məsələlərini müzakirə edib, nə də səhvlərə diqqət yetirib. “Keçənə güzəşt”, deyə baş məşqçi oyunçuları həvəsləndirməyə və onların özünə hörmətini artırmağa çalışıb. Məşqçi əminliklə hiss edib ki, “Selta” (17 fevral) və “Napoli” (21 fevral) ilə səfər oyunları öncəsi futbolçuların duyğusal dəstəyə böyük ehtiyacı var.

Hazırda “Barselona” La Liqanın turnir cədvəlində 51 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 61 xalla “Real” başçılıq edir.