Xavi Qrasiya futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Lids” komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı ispan məşqçinin yeni klubu ilə mövsümün sonuna kimi müqavilə imzaladığını yazıb.
Qrasiya baş məşqçi postunda iki həftə gün öncə istefaya göndərilmiş Cessi Marşı əvəz edib. Hansı ki, ABŞ-dan olan 49 yaşlı mütəxəssislə müqaviləyə uğursuz nəticələr səbəbindən xitam verilmişdi. Belə ki, “Lids” Premyer Liqada sonuncu dəfə ötən ilin noyabr ayında qələbə qazanıb. Komanda keçirdiyi 23 oyunda cəmi 19 xal toplayıb və 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
Cessi Marş 2022-ci ilin fevral ayından “Lids”ə rəhbərlik edirdi. Komanda bu müddətdə 37 oyuna çıxıb, 11 qələbə qazanıb, 10 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.
Tam adı Xavyer Qrasiya Karlos olan ispan məşqçi isə 2022-ci ilin iyun ayından işsiz idi. Onun çalışdırdığı sonuncu komanda “Əl-Sədd” (Qətər) olub. Təcrübəli məşqçi “Vilyarreal”, “Pontevedra”, “Kadis”, “Olimpiakos”, “Kerkira”, “Almeriya”, “Osasuna”, “Malaqa”, “Rubin” (Kazan), “Uotford” və “Valensiya” kimi klublarda da baş məşqçi kimi çalışıb.