Xavi Qrasiya Sem Ellardays ilə əvəz olundu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Lids Yunayted” komandasının baş məşqçisi Xavi Qrasiya istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniyadan olan 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İngiltərə klubu ona və köməkçilərinə xidmətlərinə görə təşəkkür elan edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Xavi Qrasiya bu ilin fevral ayında “Lids Yunayted”in baş məşqçisi təyin edilmişdi. Tərəflər bu mövsümün sonuna kimi anlaşmışdılar. Lakin o, sözügedən komandanı cəmi 12 matça çıxarıb. Premyer Liqa təmsilçisi bu görüşlərdə 3 qələbə qazanıb, 2 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

Tam adı Xavyer Qrasiya Karlos olan ispan məşqçi karyerası ərzində “Əl-Sədd” (Qətər), “Vilyarreal”, “Pontevedra”, “Kadis”, “Olimpiakos”, “Kerkira”, “Almeriya”, “Osasuna”, “Malaqa”, “Rubin” (Kazan), “Uotford” və “Valensiya” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Artıq “Lids”in yeni baş məşqçisi də məlumdur. Premyer Liqa klubu Xavi Qrasiyanı Sem Ellardaysla əvəz edib. 68 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, cəmi 4 oyunda bu komandaya rəhbərlik edəcək.

Son olaraq “Vest Bromviç”ə rəhbərlik etmiş Sem Ellardays 2021-ci ilin yayından işsiz idi. O, daha öncə “Everton”, “Kristal Pelas”, “Sanderlend”, “Vest Hem”, “Blekbern”, “Nyukasl”, “Bolton”, “Notts Kaunti”, “Blekpul” kimi klublarda da baş məşqçi kimi çalışıb. 2016-cı ildə təcrübəli məşqçi İngiltərə milli komandasına rəhbərlik edib.

Xatırladaq ki, Premyer Liqada uğursuz mövsüm keçirən “Lids Yunayted” hazırda 30 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Komanda elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: