Xavi: “Rokenin əvəz edə bilməyəcəyi çoxlu oyunçumuz var”

“Barselona”nın baş məşqçisi Xavi klubun düşərgəsinə yeni gəlmiş gənc hücumçu Vitor Rokenin meydandakı oyun vaxtı haqda danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Məsələ ondadır ki, Vitor Rokenin yanvarda deyil, iyulda bizə qoşulacağı planlaşdırılırdı, amma zədələrə görə bu sövdəni gerçəkləşdirməli olduq. Biz Vitoru gözləyirdik, amma o, hələ də inkişaf etməli və çox şey öyrənməlidir. Komandamızda onun hələ əvəz edə bilməyəcəyi çoxlu güclü və vacib oyunçularımız var”, deyə Xavi bildirib.

Xatırladaq ki, daha əvvəl Vitor Rokenin agenti, futbolçunun oynamaq imkanından məhrum olacağı halda, “Barselona”dan ayrılacağını bildirmişdi.

Xatırladaq ki, “Barselona” Vitor Rokeni “Atletiko Paranaense”dən 40 milyon avro müqabilində transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.

Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.

Bu mövsüm Roke “Barselona”nın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 2 qol vurub.

Roke klub səviyyəsində hələ qənimət qazanmayıb.

Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.