Xavi: “Ronald Arauxo burada xoşbəxtdir”

“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Ronald Arauxonun yayda klubdan gedəcəyi ilə bağlı yayılan şayiələrə münasibətini açıqlayıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən həmişə Roni ilə danışıram və o, mənim nə düşündüyümü bilir. Onun gələcəyinə heç bir şübhəm yoxdur. Onun üçün nə istədiyimi bilir və burada xoşbəxtdir”, deyə Xavi vurğulayıb.

Qeyd edək ki, “blauqrana”nın 25 yaşlı uruqvaylı futbolçunu yayda satacağı barədə xəbərlər uzun müddətdir İspaniya mətbuatını bəzəyir.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Cari mövsümdə Ronald “Barsa”nın heyətində 36 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 16 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.