Xavi Simons “Leypsiq”də qaldı – Rəsmi

PSJ-nin və Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons 2024/2025-ci illər mövsümünü “Leypsiq”də icarədə keçirəcək.

Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Vurğulanır ki, icarə müaviləsində futbolçunun sonradan satın alınması nəzərdə tutulmayıb.

Müvafiq keçid Simonsun öz istəyi əsasında gerçəkləşib. Niderlandlı futbolçu “Bayern”in marağı mənzərəsində “Leypsiq”ə keçməyə qərar verməklə, futbol dünyasını heyrətləndirib.

Simons “Leypsiq”ə keçidi ilə bağlı alman klubunun mətbuat xidmətinə açıqlama verib: “Mən “Leypsiq”ə keçməklə, istədiklərimi aldım. Möhtəşəm komandaya düşmüşəm və hamının mənə etimadını və inamını hiss etdim. Mən həm oyunçu, həm də bir şəxsiyyət kimi inkişaf edə bildim. “Leypsiq” bunun üçün mükəmməl məkandır. Bundan əlavə, klub məni çox qiymətləndirir və son bir neçə ayda mənimlə müqavilə imzalamaq istəyini başa düşməyə imkan verdi. Onlar mənə, qarşıdan gələn mövsüm üçün aydın və dəqiq plan ayırdılar.

Biz yenidən Bundesliqada birinci yer uğrunda mübarizə aparmaq və mümkün qədər uzun müddət Çempionlar Liqasında qalmaq istəyirik. Biz bütün yarışlarda keçən ildə olduğundan daha çoxuna nail olmaq istəyirik. Klub və məşqçilər qərargahının da mənə aydınlıq gətirdiyi kimi, mövsümə yenidən güclü heyətlə daxil olacağıq. Mən təkmilləşməyə davam etmək və klubun uğurlarına töhfə vermək üçün çox ilhamlıyam.

Mən “Leypsiq”də özümü evimdəki kimi hiss edirəm və çox şadam ki, bu klubda və bu azarkeşlər üçün daha bir il oynaya bilərəm. Mən tarix yazmağa hazıram!”, deyə Simons vurğulayıb.


Simonsun karyera yolu

Hücumameylli yarımmüdafiəçi Xavi Simons futbola “Tader” klubunda qədəm qoyub, ardınca “Barselona”nın futbol akademiyasına yol tapıb, daha sonra PSJ-nin futbol akademiyasına keçib və Fransa nəhənginin heyətində böyük futbolda debüt edib.

2022-ci ilin iyulunda azad agent qismində PSV-yə keçmiş Xavi Simonsu PSJ 2023-cü ilin iyulunda satın alaraq, öz heyətinə qaytarıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü Simons “Leypsiq”də icarədə keçirib. Niderlandlı gənc yarımmüdafiəçi alman “öküzlər”inin heyətində bütün yarışlarda 43 oyun keçirib, 10 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Xavi Simons 2022-ci ilin dekabrında debüt etdiyi Niderland yığmasının heyətində 20 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xavi Simonsun qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu və Fransa Kuboku, PSV ilə qazandığı Niderland Kuboku və Niderland Super Kuboku, “Leypsiq”lə qazandığı Almaniya Super Kuboku var.

Fərdi uğurlara gəlincə, Xavi Simons 2022/2023-cü illər mövsümü Niderland Eredivizisində 19 qolla ən sərrast futbolçu olub və 2023-cü il üçün Niderlandda mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Lemina PSJ-ni birdəfəlik tərk etdi

Yeri gəlmişkən, PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Noha Lemina da “Ansi”yə keçib. 19 yaşlı qabonlu futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

PSJ-nin yetirməsi olan Lemina ötən mövsüm “Sampdoriya” və “Vulverhempton”da icarədə oynayıb. O, Fransanın U-17 yığmasında da forma geyinib.