“Linkoln”un baş məşqçisi Xavyer Munyos Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinun “Qarabağ”la cavab oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Cəbəllüttariq çempionları sabah Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşünə çıxacaqlar.
Bu komandalar arasında Cəbəllüttariqdə keçirilmiş ilk oyunda “Qarabağ” rəqibini 2:0 hesabıyla məğlub edib.
Ağdam klubu ilə cavab görüşü öncəsi bu gün Bakıda jurnalistlərlə görüşən “Linkoln”un baş məşqçisi Xavyer Munyos bunları dilə gətirib:
“Yenidən Bakıya gəlmək çox xoşdur. Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir. Ötən il də buraya səfər etmişdik. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz barədə xoş təəssüratlar buraxmaq istəyirik. “Qarabağ” çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiniz”.
Xavi Munyos Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib:
“Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. “Qarabağ” kollektiv olaraq güclüdür. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdır. “Qarabağ”ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Onları yalnız “Bayer” 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. “Qarabağ” ötən mövsümkü heyəti saxlaya bilib.
Futbolun böyüklüyü ondadır ki, öncədən proqnoz vermək olmur. Çox böyük qəhrəmanlıqlar görmüşük futbolda. “Ludoqorets” “Dinamo”nu 2:0 hesabı ilə məğlub edib. Onlar müəyyən üstünlüyə sahibdir. Ona görə hansısa müqayisə aparmaq, kimin güclü və ya zəif olması haqda fikir bildirmək düzgün olmaz. Sadəcə, futbol oynamaq lazımdır. Hakim final fitini səsləndirməyənə qədər bir şey demək olmaz”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” görüşünə saat 20:00-da start veriləcək.