La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın maliyyə çətinliklərindən və bu vəziyyətdən çıxışı haqda danışıb.
Arena.az “Mundo Deportivo”ya istinadən Xavyer Tebasın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Onlar bu ruhda işləməyə davam etsələr, oyunçularını problemsiz qeydiyyatdan keçirə biləcəklər. Vəziyyət hələ də münasib deyil, işi davam etditmək gərəkdir, amma klub düzgün istiqamətdə irəliləyir. Bu, heç də asan deyil, amma vacibdir. “Barselona”nın çətin vəziyyətdən çıxacağına və borclarını ödəyəcəyinə ümidvaram. Mən bilirəm ki, Joan Laporta nikbin ruhda köklənib”, deyə Xavyer Tebas bildirib.
Xatırladaq ki, İspaniya çempionatının geridə qalmış mövsümü “Barselona”nın çempionluğu bayram etməsilə əlamətdar olub. Xavinin rəhbərliyi altında 88 xal toplamış kataloniyalılar əzəli rəqibi “Real”ı 10 xal qabaqlayıblar. “Barselona” həmçinin İspaniya Super Kubokunun həlledici görüşündə də “Real”ı məğlub edib. Amma klubun ciddi maliyyə problemləri olduğundan, yeni transferlər etməkdə, onları La Liqa üçün qeydiyyatdan keçirməkdə çətinliklərlə üz-üzə qalıb.


