Xavyer Tebas Cud Bellingemin La Liqaya təsirindən danışdı

La Liqanın prezidenti Xavyer Tebas “Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin İspaniya çempionatına təsirindən danışıb.

Arena.az “Daily Mail” dərgisinə istinadən Tebasın bu barədə fikirlərini təqdim edir:

“Cudun La Liqa klubuna transferindən cəmi bir neçə ay keçib, buna görə də miqyas haqqında danışmaq hələ tezdir. Bununla belə, İngiltərədəki rəqəmlərə baxsaq, Bellingem İspaniya çempionatına böyük təsir göstərir. O, liqa üçün vacib oyunçudur və ingilisdilli ölkələrin İspaniya çempionatında diqqəti böyük ölçüdə ona bağlıdır.

Bellingem ən yaxşı futbolçudur. Onun fantastik yarımmüdafiəçi olduğunu əvvəllər bilirdik, amma onun hansı səviyyəyə çata biləcəyini tam başa düşmürdük. “Real”da Cud elə səviyyə nümayiş etdirir ki, sanki başqa planetdəndir. Əminəm ki, o, ən azı daha bir neçə mövsüm Madriddə qalacaq”, deyə Xavyer Tebas ingilis futbolçudan razılıqla danışıb.

Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Bellingem hazırda, aldığı yüngül çiyin zədəsinin müalicəsi ilə məşğuldur. Yarımmüdafiəçinin iki həftəyə qədər yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: