Xavyer Tebas Florentino Peresi dəstəklədi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresin tərəfini tutan açıqlaması ilə diqqət çəkib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Tebas, Madrid məhkəməsində Avropa Super Liqası tərəfdarlarının bu iş üzrə davada qismən qələbə qazanmasından sonra Peresin xeyrinə fikirlər səsləndirib:

“Əgər kimsə evinizə soxulmaq istəyəndə, sizi soymaq istəyən adamla danışıqlar aparmırsınız. Florentino Peresin məqsədi – böyük klubların, ən varlıların və ən çox aktivi olanların Avropada futbolu idarə etməsidir. Qalanları isə sadəcə onlara verilənlərdən razı qalmalı olan vassallardır.

Florentino ilə əsas fikri ayrılıqlarım həm milli, həm də Avropa səviyyəsində peşəkar futbolun tamamilə əks iki modelidir. Onlarla heç bir güzəşt yoxdur, ya qara, ya da ağdırlar. Boz çalarlar yoxdur”, deyə Xavyer Tebas mövqeyini açıqlayıb.

Xatırladaq ki, mayın 27-də Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FIFA-ya qarşı iddiasını qismən təmin edib və Super Liqanın həmin qurumları hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib. Bu qərar Avropa Birliyinin Ədalət Məhkəməsinin 2023-cü ilin dekabrında verdiyi qərara uyğundur.