İspaniya La Liqasının prezidenti Xavyer Tebas ifrat sıx oyun təqvimi səbəbindən futbolçuların mümkün tətili mövzusunda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, ispan futbol məmurunun bu barədə fikrini təqdim edir:
“Mən tətillərin tərəfdarı deyiləm, amma eşitdiyim söz-söhbətlərə görə bu, həqiqətən mümkündür. Həmkarlar ittifaqları və liqalar bu baxımdan kifayət qədər mütəşəkkildirlər. Futbol sənayesi buna görə müəyyən risklə üzləşir ki, bu da milli çempionatların iqtisadi ölümünə səbəb ola bilər”, deyə Xavyer Tebas vurğulayıb.
Əlavə edək ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Məşhur mütəxəssislərin çağırışına bir çox tanınmış futbolçular da səs veriblər.


