İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın italyan baş məşqçisi Karlo Ançelottinin tətil hədəsini cavablayıb.
Arena.az xatırladır ki, daha əvvəl Ançelotti, “qaymaqlılar”a, tələb etdikləri, nəzərdə tutulmuş 72 saatlıq istirahət müddəti verilməyincə, “Real”ın İspaniya La Liqasında bir daha meydana çıxmayacağını bəyan etmişdi.
Üstəlik, Ançelotti müvafiq istirahət vaxtı ilə bağlı “Real”ın La Liqaya iki dəfə müraciət ünvanladığını, amma bunun nəticəsiz qaldığını bildirmişdi.
“Karlo, mən əminəm ki, Emilio (“Real”ın institutsional münasibətlər üzrə direktoru, ispan mütəxəssis Emilio Butragenyo – redaktorun qeydi) sənə bildirib ki, La Liqa sizin “Leqanes”lə oyununuzu (29 Mart) Şənbə günü saat 16:15 nəzərdə tutmuşdu ki, sizə İspaniya Kral Kubokunun “Real Sosyedad”la yarımfinal oyunu (1 Aprel) ərəfəsində daha çox istirahət vaxtı təqdim etsin. Amma Emilio oyunun saat 21:00-a keçirməyi xahiş etdi. Təxmin edirəm ki, – sizin xəbəriniz və icazənizlə, – FIFA-nın beynəlxalq fasiləsindən sonra düşərgənizə qayıdacaq kəslərin həyatını rahatlaşdırmaq üçün. Bu səbəbdən də Şənbə günü keçirilmiş oyunla yarımfinal oyunu arasında 72 saatdan az müddət qalacaq! Qoy finala ən yaxşı komanda çıxsın! Uğurlar (Ardı var)”, – Xavyer Tebas özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Əlavə edək ki, bir qədər əvvəl yayılmış məlumata görə, İspaniya La Liqası “Real”ın, 72 saatlıq istirahət vaxtı almaq məqsədilə quruma iki dəfə müraciət etməsinin nəticəsiz qalması haqda Ançelottinin məlumatını təkzib edərək bildirib ki, qurum Madrid klubunun müvafiq müraciətlərini rədd etməyib. La Liqa bildirib ki, qurum vaxtında edilmiş bütün müraciətləri nəzərə alır və təmin edir.
Üstəlik, La Liqa vurğulayıb ki, istirahət üçün nəzərdə tutulmuş 72 saatlıq müddət tələb olmasından daha çox, məsləhət xüsusisyyətli bir şərtdir.
Hazırda “Real” 28 oyundan 60 xalla İspaniya La Liqasının yarış cədvəlinə şərti lider qismində başçılıq edir.


