Xavyer Tebas Kilian Mbappenin “Real”a keçəcəyini təsdiqlədi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin “Real”a transferini təsdiqləyib.

Arena.az “Ole” internet-portalına istinadən, ispan məmurun bu barədə məlumatını təqdim edir:

“Mbappe gələn il, gələn mövsüm Madriddə olacaq, bəli. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma “Real”da da Vinisius və Bellingem var, Madriddə əla komanda olacaq. Amma əlbəttə ki, bu, çempionatda qələbəyə zəmanət vermir”, deyə Xavyer Tebas bildirib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Fransa nəhəngi ilə cari müqaviləsi cari ilin iyun ayının sonunda başa çatacaq və artıq məlum olduğu kimi, fransalı ulduz azad agent qismində İspaniya nəhəngi “Real”a qoşulacaq.

Cari mövsümdə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 255 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin fransalı ulduz hücumçu dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappenin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.