Xavyer Tebas: “La Liqa oyunçuları daha da güclü edir”

La Liqanın rəhbəri Xavyer Tebas hesab edir ki, İspaniya çempionatı “Real”da çıxış edən Cud Bellingemi daha da güclü oyunçuya çevirib.

Arena.az bu barədə “Diario AS” dərgisinə istinadən məlumat verir:

“Hazırda bu oyunçu, dünyada ən yaxşı formadadır. Ən yaxşı olmaq üçün bir çox məqamlara baxmaq lazımdır.

Bellingemin bu qədər qol vuracağını heç kim gözləmirdi. Bizim çempionatımız oyunçuları daha da gücləndirir”, deyə Xavyer Tebas bildirib.

Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 4 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.