Xavyer Tebas Niko Uilyamsın “Barsa”ya keçməməsinə sevinir

Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Kataloniya təmsilçisi “Barselona”nın iqtisadi vəziyyəti haqqında söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, Tebasın bu barədə fikrini təqdim edir:

“Barselona”da vəziyyətin yaxşılaşdığını eşidəndə Xuan Laportanın Barselonadan deyil, Bilbaodan olduğunu düşündüm. İqtisadi cəhətdən onlar əmək haqqı fondunu azaldıblar və çoxsaylı əhəmiyyətli səylər göstəriblər. “Barselona” getdikcə maliyyə ədalətinin necə işlədiyindən xəbərdar olur. Onların hələ çox işi var, amma gəlirləri və xərclərin azaldılması nəzərə alınmaqla, onlar düzgün yolda yürüməyə davam edə bilərlər”, deyə Tebas vurğulayıb.

Xatırladaq ki, daha əvvəl, “Barselona”nın əmək haqqı fondu üzrə mütləq mümkün xərclərinin 2024-cü ilin yanvar ayından 270 milyon avro məbləğdən 426 milyon avro məbləğə yüksəldiyi haqda məlumat açıqlanıb.

Xavyer Tebas Bilbao “Atletik”inin ispaniyalı cinah hücumçusu Niko Uilyams haqda da danşıb. O, “Barselona”nın fəal marağı mənzərəsində Uilyamsın “Atletik”də çıxış etməyə üstünlük verdiyinə şad olduğunu bildirib:

“Barselona”nın Niko Uilyamsa ehtiyacı vardı, amma onu imzalaya bilmədilər. Mən çox şadam ki, o, “Atletik”də qalıb və hələ də İspaniyada oynayır. Mənə belə bir məqamı görmək xoşdur, çünki bu, yarışı daha rəqabətli edir və həm də aidiyyət hissi doğurur”, deyə Tebas bildirib.

Xatırladaq ki, bu yay Niko Uilyamsın “Atletik”i “Barselona”ya dəyişəcəyi barədə xəbərlər dolaşsa da, o, Bilbao təmsilçisində qalmağa üstünlük verib. 22 yaşlı futbolçu AÇ-2024-də İspaniya millisinin heyətində İngiltərə yığması ilə final qarşılaşmasında qol vuraraq, komandasının qızıl medalları qazanmasına kömək edib.