Xavyer Tebas “Real”ın klub televiziyasını tənqid atəşinə tutdu

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın klub televiziyasını tənqid edərək, yolverilməz davranışda ittiham edib.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, ispan məmur, xüsusilə La Liqanın 11-ci turunun “Real” – “Barselona” oyunu ərəfəsində, “Real”ın klub televiziyasının müntəzəm olaraq, “qaymaqlılar”a qarşı hakimlərin səhvlərinə eyham vuran videolar yayımlamasını yolverilməz hesab edir.

Məsələn, “Real Madrd TV”-nin efirində yayımlanmış son videoda qarşıdakı oyunun ispan baş hakimi Xose Sançes Martinesin “Real”a münasibətdə qərəzli, Barselona”nın isə xeyrinə qərarlar qəbul etdiyi məqamlar yer alıb.

“Mən sonuncu videoya baxmamışam, amma başqalarını görmüşəm. Bu, ədalətli oyun deyil və tarixi mənada “Real”ın cəngavərliyini təcəssüm etdirmir. Onlar uzun müddətdir ki, hakimlik mövzusuna dair müzakirələr aparırlar, amma bu, yorucudur. Bu, “Real”ın dəyərlərinə aid deyil və istənilən madridçi bunu təmiz vicdanı ilə dilə gətirər”, deyə Xavyer Tebas vurğulayıb.

Xatırladaq ki, “Real” və “Barselona” növbəti “el klasiko” çərçivəsndə bu gün, oktyabrın 26-da “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.

“Real” – “Barselona” oyunu ispan hakim Xose Sançes Martinesə həvalə edilib. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: