La Liqanın prezidenti Xavyer Tebas ümumavropa Super Liqası layihəsinin uğurla inkişaf edəcəyi təqdirdə istefa verəcəyini açıqlayıb.
Arena.az “EL Mundo” nəşrinə istinadən məlumat verir ki, Tebas müvafiq şərt daxilində atacağı müvafiq addımın səbəblərini açıqlayıb:
“Super Liqa layihəsi inkişaf edərsə, istefa verəcəyəm. Bu halda gedərdim, çünki İspaniya futbolu dəhşətli iqtisadi fəsadlarla üzləşəcək. Qısa müddətdə gəlir iki dəfə azalacaq. Bizi çöküşə və fəlakətə aparacaq şeyi davam etdirə bilmərəm. 53 min peşəkar futbolçu var və çoxlu ailələr bununla dolanırlar. 40 il ərzində yaratdığımız bütün bu uğur ekosistemi yeksan olacaq”, deyə Xavyer Tebas izah edib.
Xatırladaq ki, daha əvvəl Avropa Super Liqası layihəsinin – istənilən Avropa liqası klublarının iştirak edə biləcəyi yarışın yenidən təsis ediləcəyi açıqlanmışdı. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FIFA və UEFA-nın yarışların təşkilində inhisar hüququna malik olmadığı barədə qərar çıxarıb və bununla da Super Liqaya yaşıl işıq yandırıb.


