Xavyer Tebas vəzifəsindən kənarlaşdırıla bilər – Səbəb

Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas Madrid “Real”ı ilə bağlı açıqlamalarına görə vəzifəsindən kənarlaşdırıla bilər.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Belə ki, İspaniya Ali İdman Şurası (CSD) La Liqanın prezidenti Xavyer Tebasın “Real”la bağlı açıqlamalarının qiymətləndirilməsi üçün İdman İnzibati Tribunalına (TAD) müraciət edib. Mümkün ssenarilərdən biri Tebasın tutduğu vəzifədən kənarlaşdırılmasıdır.

Hadisələrin başlanğıcı sentyabrın 20-də İspaniya çempionatının “Atletiko” – “Real” matçına (2:1) gedib çıxır. Qarşılaşmadan sonra “Real”ın baş məşqçisi Joze Mourinyo hakim Ortiz Ariasın “Atletiko”nun futbolçuları Li Kan İn və Kristian Romeroya qırmızı vərəqə göstərməməsindən narazılığını bildirib.

Daha sonra AS nəşri La Liqanın Hakimlər Texniki Komitəsinin Li Kan İnə qırmızı vərəqə göstərilməli olduğu qənaətinə gəldiyini yazıb.

Bundan sonra Xavyer Tebas “Real”ı və klubun “Real Madrid TV” kanalını tənqid edərək onları hakimlərə təzyiq göstərməkdə ittiham edib. La Liqanın rəhbəri klub telekanalının fəaliyyətini nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin təbliğat üsulları ilə müqayisə edib.

“Real” rəhbərliyi Tebasın bu fikirlərini pisləyərək La Liqa rəhbərliyində dəyişiklik edilməsinə çağırıb.

64 yaşlı Tebas 2013-cü ilin aprelindən La Liqaya rəhbərlik edir. O, 2023-cü ilin dekabrında dördüncü müddətə yenidən bu vəzifəyə seçilib. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: