Xerardo Martino Lionel Messinin səhhəti haqda danışdı

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino, bud nahiyəsindən zədələnmiş hücumçusu Lionel Messinin səhhəti ilə bağlı məlumat paylaşıb.

Arena.az “Sports.es” dərgisinə istinadən, argentinalı mütəxəssisin Messinin səhhəti haqda verdiyi məlumatı diqqətinizə çatıdırır:

“O, fizioterapevtlərlə işləyir, amma sabahkı oyuna hazır deyil. O, meydana çıxmayacaq, amma növbəti oyunda onun oynaması üçün əlimizdən gələni etməyə çalışacağıq. O, tibb işçiləri ilə işləyir”, deyə Xerardo Martino vurğulayıb.

Beləliklə Messi sabah, martın 31-də “İnter Mayami”nin “Nyu-York Siti”ni qəbul edəcəyi oyunu da buraxacaq.

Xatırladaq ki, Messi artıq Argentina yığmasının Salvador və Kosta-Rika kollektivləri ilə martda keçirdiyi iki yoldaşlıq oyununu da buraxıb.

Hazırda argentinalı ulduz zədəsinin müalicəsi ilə məşğuldur.

Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.