Xerardo Martino Meksika millisindən ayrıldı

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatında iştirak edən Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib. Arena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Meksika milli komandası DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunda Səudiyyə Ərəbistanı yığmasına 2:1 hesabı ilə qalib gəlib. Lakin bu qələbəyə baxmayaraq, cənubi amerikalılar mundialla vidalaşmaq məcburiyyətində qalıblar. Martino da oyundan sonrakı mətbuat konfransında yığmadan ayrıldığını açıqlayıb. Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: “Bu, dəhşətli məyusluqdur”.

Xatırladaq ki, Meksika yığma komandası C qrupunu Polşa millisi ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Nəticədə Argentina yığması 6 xalla qrup birincisi olubsa, 4 xalı olan Polşa ikinci yerlə pley-offa yüksəlib. Meksikalılar qrupu üçüncü, 3 xalı olan Səudiyyə Ərəbistanı sonuncu pillədə başa vurublar.

Xerardo Martino 2019-cu ildən Meksika milli komandasına rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 66 matça çıxarıb. Meksikalılar bu görüşlərdə 42 qələbə qazanıblarsa, 12 heç-heçə ediblər və eyni sayda da məğlubiyyətlə üzləşiblər. Təcrübəli məşqçi daha öncə Paraqvay və Argentina yığmalarına da rəhbərlik edib. O, həmçinin “Atalnta Yunayted” (ABŞ), “Barselona” (İspaniya), “Nyuels Old Boys” (Argentina), “Libertad”, “Serro Porteno” (hər ikisi Paraqvay), “Kolon”, “Platense”, “İnstituto” (Argentina) kimi klublarda da baş məşqçi kimi çalışıb.